Medvedev armudu
Medvedev armudu (lat. Pyrus medvedevii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
== Təbii yayılması ==
İran və Ermənistanda (Dərələyəz) arealı vardır.
== Botaniki təsviri ==
Hündürlüyü 12 m, gövdəsinin diametri 12 sm-dək, qabığı boz, yarıqlı ağacdır. Çətiri şarşəkilli, şaxələnmiş budaqlı və çox vaxt ucu sallaqdır. Yaşlı budaqlarının qabığı boz, cavan zoğları sıx ağımtıl tükcüklü, sonralar çılpaqlaşan qırmızı və ya mixəyi rənglidir. Budaqları uzun, iynəli, zoğların qabığı açıq boz, sonradan kərpic rəngli olur. Yarpaqları tərs lansetvarı, 9-11 sm uzunluqda və 3-4 sm enindədir, yuxarı hissədən enliləşmiş, qaidəyə doğru çox dartılmış, üstdən çılpaq və ya zəif tüklü, yaşıl, parıldayan, altdan boz tüklü, tam və dalğalı kənarlıdır. Yarpaq saplaqları 2,5-3 sm uzunluqdadır. Çiçəkləri çoxçiçəkli qalxancıqlarda toplanmışdır.